CƏMİYYƏT
Milli qəhrəmanların xatirələri yad edilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın Milli qəhrəmanları Albert Aqarunov və İlqar Mirzəyevin xatirələrinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçıları, Milli qəhrəmanların ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri onların məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, anım mərasimlərində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anıblar. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli həyat yolundan, döyüş əməliyyatlarında göstərdikləri şücaət və igidlik nümunələrindən danışıblar. Qeyd olunub ki, onların unudulmaz xatirələri xalqımızın yaddaşında əbədi yaşayacaq və nümayiş etdirdikləri qəhrəmanlıq gənc nəslə örnək olacaqdır.
Milli qəhrəmanların ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.