CƏMİYYƏT
Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər
Ankara, 8 may, AZƏRTAC
Azərbaycan vətəndaşı olan iki tələbə Türkiyədə mayın 19-da geniş şəkildə qeyd edilən Atatürkü Anma, Gənclər və İdman Bayramı münasibətilə keçiriləcək şənliklərdə ölkəmizi təmsil etmək üçün seçilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Gənclər və İdman Nazirliyi “Gənclər Türkiyənin gücüdür!” devizi ilə təşkil olunan dövlət tədbirlərində iştirak edəcək nümayəndələrin müraciətlərinə baxılması nəticələrini açıqlayıb.
Nazirliyin məlumatına görə, mayın 12-21-də keçirilməsi nəzərdə tutulan silsilə tədbirlərdə Türkiyənin 81 vilayətinin hər birindən iki universitet tələbəsinin (bir qız, bir oğlan) iştirak edəcəyi gözlənilir. Bundan başqa, Azərbaycan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) hər birindən da iki gənc nümayəndə seçilib. Tələbələrin ümumi sayı 166 nəfərdir.
Bayram şənliklərində iştirak etmək üçün idman və mədəniyyət sahəsində fərqlənən, ictimai tədbirlərdə fəal iştirak edən 18-25 yaş arası universitet tələbələri müraciət ediblər.
Bayram tədbirləri çərçivəsində türk xalqının milli-azadlıq mübarizəsinin əlamətdar hadisələrinin baş verdiyi Samsun, Amasiya və Sivas şəhərlərinə səfərlər nəzərdə tutulub.
Daha sonra bayram proqramına uyğun olaraq Türkiyə, Azərbaycan və ŞKTR gənclərinin nümayəndələri ölkə rəhbərləri tərəfindən qəbul ediləcək. Onların Ankarada keçiriləcək bayram tədbirlərinə də qatılacağı gözlənilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara