CƏMİYYƏT
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 8 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq İşəgötürənlər Təşkilatının baş katibi Roberto Suarez Santosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. İcra olunan aktiv məşğulluq proqramlarını, əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işləri, habelə həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə həyata keçirilən məşğulluq tədbirləri qeyd edilib. Əmək və məşğulluq sahəsində islahatlar prosesində, aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
R.S.Santos ölkəmizə səfərindən məmnunluğunu bildirib, əmək və məşğulluq sahəsində qurumlar arasında əməkdaşlığın önəmini qeyd edib.
Görüşdə nazirliklə Beynəlxalq İşəgötürənlər Təşkilatı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.