CƏMİYYƏT
FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO
Bakı, 8 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində, Abşeron rayonunun Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində bir sıra fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar ərazilərə nazirliyin müvafiq olaraq Dövlət Yanğından Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.