DÜNYA
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Berlin, 19 may, AZƏRTAC
Avropa İttifaqının rəhbərliyində gələcək ekoloji siyasətlə bağlı intriqalar və fərqli baxışlar Almaniya hakimiyyəti ilə fikir ayrılığına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalının yeni nömrəsində yazılıb.
Nəşrin məlumatına görə, Almaniya hökuməti ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Aİ-nin ekologiya sahəsində gələcək fəaliyyəti ilə bağlı mübahisə yaranıb.
Qeyd olunur ki, Avropa Şurası rəhbərinin 2024-2029-cu illər üzrə Aİ üçün siyasi etalon olacaq və iyunun sonunda sammitdə qəbul ediləcək “Yeni strateji gündəm” layihəsində iqlim böhranı yalnız cüzi yer tutur. 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan Aİ-nin iqlimin qorunması üzrə böyük layihəsi olan “Yaşıl kurs” isə ümumiyyətlə yoxdur.
“Yaşıllar”ın rəhbərlik etdiyi Almaniya Xarici İşlər Nazirliyində bu addım təəccüblə qarşılanıb. Almaniya Nazirlər Kabineti “Yaşıl kurs” layihəsinin sürətli, innovativ, bazar şərtləri daxilində və sosial cəhətdən ədalətli şəkildə həyata keçirilməsinə çağırıb. Almaniya hakimiyyət orqanlarının fikrincə, Avropa iqlim qorunması tədbirlərinin önündə olmalıdır.
Jurnalın yazdığına görə, tərtib edilən gündəmdə “Yaşıl kurs”un olmamasının səbəblərindən biri, iqlimin qorunması ilə bağlı qanunvericilik paketinin Ş.Mişelin rəqib mövqedə olduğu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin əsas layihəsi olması ilə əlaqədar ola bilər.
“Yaşıl kurs” strategiyası Aİ tərəfindən 2019-cu ilin sonunda qəbul edilib. Layihə təmiz dairəvi iqtisadiyyata keçidi, ətraf mühitin çirklənməsinin azaldılmasını və biomüxtəlifliyin qorunmasını nəzərdə tutur. Avropa İttifaqının 2030-cu ilə qədər istixana qazı tullantılarının azaldılması planı 1990-cı illərin səviyyəsi ilə müqayisədə əvvəllər təsdiqlənmiş 40 faizdən azı 55 faizə qaldırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin