ŞƏRH
Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH
Bakı, 8 may, AZƏRTAC
Bu bir həqiqətdir ki, Vətən müharibəsindən əvvəl beynəlxalq təşkilatlar, o cümlədən ayrı-ayrı ölkələrlə uğurlu əməkdaşlıq edən Azərbaycan postmüharibə dövründə bu istiqamətdə yeni-yeni uğurlara imza atmaqdadır. Məhz bu əməkdaşlıqlar, həmçinin həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan hazırda öz iqtisadiyyatını daha da gücləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparır, minalardan təmizləmə prosesi həyata keçirilir. Bu gün biz baxanda görürük ki, Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycanın oynamasının təsadüfi olmadığını vurğulayan deputat deyib: “Bu gün Azərbaycanın Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu var. Azərbaycan, eyni zamanda, etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir. Təbii ki, bununla bağlı çoxsaylı faktları sadalamaq olar. Lakin elə bir-iki məqamı xatırlatmaq da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hansı mühüm rol oynadığını göstərməyə kifayət edir”.
2011-ci ildə Avropa İttifaqı ilə Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə sazişin, bir il sonra isə “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə müqavilələrin imzalandığını xatırladan Vüqar İskəndərov əlavə edib: “Həmçinin 2013-cü ildə “Şahdəniz II” konsorsiumunun üzvlərinin yekun investisiya qərarını qəbul etmələri ilə Azərbaycan qazının Avropa İttifaqına ixracı üçün infrastruktur yaradıldı. O cümlədən 2023-cü il aprelin 25-də Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalanması da deyilənləri təsdiqləyir. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun mətbuata bəyanatlarla çıxışı zamanı qeyd olunduğu kimi, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldığını deyən dövlətimizin başçısının bəyan etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi uğurla icra olunur. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da ölkəmizin ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycan 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qaz nəql etməyi planlaşdırır”.
Bütün bunların Azərbaycanın enerji sahəsində əməkdaşlıq siyasətinin uğurlarının davamlılığından xəbər verdiyini deyən deputat sonda əlavə edib: “Azərbaycanda qaz hasilatı ilbəil artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlayıb. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və Günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaq və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq”.