İQTİSADİYYAT
Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır
![Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır](/files/2024/2/1200x630/17160313953561814278_1200x630.jpg)
Bakı, 18 may, AZƏRTAC
Suvarma sistemlərinin, artezian quyularının, günəş panellərin qurulması və yeni nasosların tətbiqi sahəsində ixtisaslaşan Çex şirkəti “Inotech”in Azərbaycandakı nümayəndəliyi aqrar sektorda yeni innovasiyalarla məşğuldur.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Caspian Agro” sərgisində şirkətin direktor müavini Rabil Əhmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda təqribən 15 minədək artezian quyu var.
“Bu gün Azərbaycanda Rusiya və Ukrayna istehsalı olan nasoslardan istifadə edilir ki, onlar da böyük enerji sərfiyyatına səbəb olurlar. Bizim günəş panelləri ilə işləyən nasoslarımız isə enerjiyə 30 faiz qənaət edirlər. Əlavə panellər olanda isə 70 faizədək enerji sərfiyyatının qarşısı alınır. Nasosların üstünlüklərindən biri də onların smart olmasıdır”, - deyə şirkət rəsmisi deyib.
R.Əhmədzadə qeyd edib ki, Çex şirkəti Azərbaycanda iri sərmayə qoymaqda maraqlıdır: “Bununla bağlı dövlət səviyyəsində də görüşlər keçirilib. Hazırda pilot layihə olaraq Bərdə şəhərində bir artezian quyunun mühərriki dəyişdirilib və günəş panelləri ilə çalışan nasoslar quraşdırılacaq. Bu həm də Çex şirkətinin hədiyyəsi olacaq. Əsas məqsəd enerji itkisinin qarşısını almaqdır. Yaxın 1 ay ərzində Bərdədə digər pilot layihə kimi təmənnasız artezian quyu quraşdırılacaq. Bu işlər dövlətin nəzarətində olacaq. Onun işləmə prinsipi, enerjiyə 80 faizədək qənaət etməsi monitorlar vasitəsilə qeydə alınacaq. Suvarma sistemlərində enerjiyə qənaət mühüm məsələlərdəndir. O baxımdan fermerlər tərəfindən problemlərin həlli ilə bağlı şirkətə xeyli müraciətlər olur. Bu sistem ona qoyulan xərci təqribən 3-5 il ərzində ödəyir”.