MƏDƏNİYYƏT
Bakıdakı Rus evində Rusiya və Yaponiya musiqiçilərinin çıxışı olub
Bakı, 17 may, AZƏRTAC
Bakıdakı Rus evində beynəlxalq müsabiqələr laureatları, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunları Anastasiya Vedyakova (skripka, Rusiya) və Kadzuki Nisimonun (fortepiano, Yaponiya) yaradıcılıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı, “Kainatın palitrası” qeyri-kommersiya təşkilatının dəstəyi ilə ərsəyə gəlib.
Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub.
Əvvəlcə Bakıdakı Rus evinin rəhbərinin müavini Dmitri Yeqorov tədbirə toplaşanları salamlayıb.
Görkəmli ifaçılar dueti ilk dəfədir Azərbaycana gəlib. Musiqiçilər Bakıda ilk konsertlərinə xüsusi proqram hazırlayıblar. Anastasiya Vedyakova və Kadzuki Nisimonun ifasında musiqi klassikasının həm populyar, həm də nadir hallarda ifa olunan əsərləri təqdim olunub. Publikaya iki Azərbaycan premyerası – “İ.Y.Xandoşkinin “Solo skripka üçün variasiyalar”ı və F.Ondrjiçekin skripka və fortepiano üçün M.İ.Qlinkanın “Çar uğrunda həyat” operasından mövzular üzrə fantaziyası ərməğan edilib. N.T.Manaseviçin “Skripka və fortepiano üçün mazurka”sının dünya premyerası da ifa olunub. Bakı tamaşaçıları üçün ifaçıların xüsusi olaraq hazırladıqları çıxış Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ın ifası olub. Konsertdə, həmçinin P.İ.Çaykovski, R.M.Qlier, M.A.Balakirev, S.M.Slonimski, N.A.Rimski-Korsakov, F.Kreysler, S.S.Prokofyevin əsərləri, eləcə də yapon xalq mahnısı “Sakura” səsləndirilib.
Musiqili axşam musiqiçilərin ünsiyyəti ilə davam edib, zalda əyləşən tamaşaçıların ifaçılara sual vermək fürsəti olub. Sualları cavablandıran musiqiçilər öz əsərləri və ictimai fəaliyyətlərindən, yaradıcılıq yollarının müxtəlif mərhələlərindən söhbət açıb, eləcə də gələcək planları ilə bölüşüblər.