DÜNYA
GÜRCÜSTANIN DÖVLƏT NAZİRİ BORÇALI SAKİNLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Gürcüstanın Dövlət naziri Avtandil Corbenadze Kvemo Kartli - Borçalı bölgəsinin Qardabani, Marneuli və Bolnisi rayonlarında olmuşdur.
Hökumətin sədri Qardabani və Bolnisi rayonlarında yerli sakinlərlə görüşmüş, bir neçə Azərbaycan məktəbinə getmişdir. Avtandil Corbenadze sakinlərin və məktəblərin problemləri ilə tanış olmuş, onların həlli üçün yüksək səviyyədə tədbirlər görüləcəyini bildirmişdir. O, Azərbaycan və Gürcüstan prezidentləri Heydər Əliyevin və Eduard Şevardnadzenin qayğıları sayəsində Azərbaycan məktəblərinin aşağı sinif şagirdlərinin dərsliklərlə təmin edilməsini ölkələrimiz arasında möhkəm dostluğun daha bir təzahürü kimi dəyərləndirmiş və onları bu qayğıya layiqincə cavab verməyə çağırmışdır.
Dövlət naziri Bolnisidən Marneuliyə gələrək, burada rayonlarası xəstəxananın əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişdir. Çoxdan bərbad vəziyyətdə olan xəstəxana nəinki əsaslı təmir edilmiş, həm də müasir tibb avadanlığı ilə təchiz olunmuşdur.
Cənab Corbenadze tədbirdə çıxış edərək gürcü və Azərbaycan xalqlarının dostluğundan danışaraq demişdir:
Gürcüstan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bəzi xalqlar müxtəlif iddialar və tələblər irəli sürdülər, nəticədə gürcü-abxaz və gürcü-osetin qarşıdurmaları yarandı, onlardan fərqli olaraq, azərbaycanlılar dövlət müstəqilliyimizi elə ilk günlərdən dəstəklədilər, bizə arxa-həyan oldular, azadlığımızın və suverenliyimizin getdikcə möhkəmlənməsi üçün səy və köməklərini əsirgəmədilər. Biz bundan qürur hissi duyuruq.
Avtandil Corbenadze dövlətlərimizin başçıları arasındakı saf və səmimi dostluqdan geniş söhbət açmış və ölkələrimizin nəinki dost, həm də strateji tərəfdaşlar olduğunu, bir-birinin müstəqilliyini və suverenliyini dəstəklədiyini xüsusi vurğulamışdır. Dövlət naziri bildirmişdir ki, Prezident Eduard Şevardnadze və o, Bakı-Tbilisi-Ceyhan boru kəməri tikintisinin başlanması münasibətilə keçiriləcək təntənəli mərasimdə iştirak etmək üçün sentyabrın 18-də Bakıya gedəcəklər. O, Marneuli rayonunda kənd təsərrüfatı məhsulları istehsalı və emalının dirçəldilməsi üçün yaxın vaxtlarda əsaslı tədbirlər görüləcəyini, ölkə rəhbərinin təşəbbüsü ilə yaradılmış Gürcüstan Vətəndaşlar İttifaqı Partiyasının Marneuli rayon şöbəsinin fəaliyyətinə toxunaraq, şöbənin işindən razı qaldığını söyləmişdir.
Mərasimdən sonra Avtandil Corbenadze Marneuli şəhərindəki məscidə getmiş, din xadimləri ilə görüşmüş və məscidə xalça hədiyyə etmişdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani-Marneuli-Bolnisi