DÜNYA
Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq
Bakı, 7 may, AZƏRTAC
Ukrayna, Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd rayonlarında hava məkanını nəzarətdə saxlamaq üçün Polşa may ayının ikinci yarısında ABŞ-la “Barbara” aerostatlarının tədarükü üzrə müqavilə imzalayacaq.
AZƏRTAC xəbər verir ki, Polsat telekanalı bu barədə Polşanın Silahlanma İşləri üzrə Agentliyinin rəhbəri, general Artur Kuptelə istinadla məlumat yayıb.
Artur Kuptelin sözlərinə görə, sərhədyanı rayonlara yerləşdiriləcək aerostatlar yerüstü radiolokasiya stansiyalarının görmə bucağından aşağı hündürlükdə uçan hava hədəflərini daha effektiv aşkar edə biləcək. Beləliklə, Polşa Avropada bu cür kəşfiyyat aerostatlarına malik ilk dövlət olacaq.
Qeyd edək ki, 2023-cü il mayın 26-da Polşa “Barbara” aerostatları almaq üçün ABŞ-a sorğu göndərib və bu il fevralın 7-də Dövlət Departamenti Varşavaya müsbət cavab verib. Sövdələşmənin dəyəri və Polşaya tədarük olunacaq aerostatların miqdarı barədə məlumat açıqlanmır.