İQTİSADİYYAT
2003-CÜ İL BÜDCƏSİNİN LAYİHƏSİNDƏ VERGİLƏRİ, RÜSUMLARI VƏ YIĞIMLARI AZALTMAQ NƏZƏRDƏ TUTULMUŞDUR
Vergilər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsinin layihəsində vergilər, rüsumlar və yığımlar dərəcələrinin azaldılması nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin təsdiq etdiyi 2002-2005-ci illərdə kiçik və orta sahibkarlığa yardıma dair Dövlət proqramının həyata keçirilməsi və ölkə iqtisadiyyatının özəl bölməsinin inkişafının sürətləndirilməsi, xarici sərmayələrin artırılması, bölgələrdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, maliyyə yardımı və texniki yardım mexanizminin yaxşılaşdırılması məqsədi ilə Vergilər Nazirliyi kiçik və orta biznes müəssisələrindən ötrü vergilərin, rüsumların və yığımların dərəcələrini aşağı salmaq sahəsində Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə iş aparır.
Bundan əlavə, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Vergilər Nazirliyi KİV-lər tərəfindən ödənilmiş vergilərin cari ilin sonunadək qaytarılması mexanizmini hazırlamışdır.