İQTİSADİYYAT
AMB sədri: Hər bir dövlətin maliyyə sisteminin yeni çağırışlara cavab verməsində özəl sektor mühüm rol oynamalıdır
Bakı, 17 may, AZƏRTAC
Hər bir dövlətin iqtisadiyyatının və maliyyə sisteminin yeni çağırışlara cavab verməsində, yeni iqtisadi tendensiyalara uyğunlaşmasında özəl sektor mühüm rol oynamalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dayanıqlı inkişafa dövlətlə yanaşı biznesin əhəmiyyətli iştirakı ilə nail olmaq mümkündür.
“Özəl sektor bir tərəfdən iqlim dəyişikliklərinə uyğunlaşmalı, digər tərəfdən istehsal sahəsində karbonsuzlaşdırma həyata keçirməlidir. İstehsal olunan mallarda karbon izi tədricən azaldılaraq, tamam yox edilməlidir. Bu transformasiyanın reallaşması üçün iş adamları və biznes strukturları fəal olmalıdırlar. Yaşıl iqtisadiyyatın inkişafı üçün özəl sahənin investisiya yatırması da vacib məsələlərdən biridir. Milli iqtisadiyyatın transformasiyası ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün tənzimləyici qurumların fəaliyyəti mühümdür. Bu fəaliyyət iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maliyyə sektorunda qabaqcıl beynəlxalq təcrübəyə, təşviqat və tənzimləyici funksiyalarına əsaslanır”, - deyə T. Kazımov vurğulayıb.