DÜNYA
Avropa İttifaqı ölkələrindən Ukraynaya elektrik enerjisi idxalı maksimuma çatıb
Kiyev, 16 may, AZƏRTAC
Avropa İttifaqı ölkələrindən Ukraynaya elektrik enerjisi idxalı artıb və demək olar ki, maksimuma çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya müsahibəsində “Ukrenergo”nun İdarə Heyətinin rəhbəri Vladimir Kudritski bildirib. Onun sözlərinə görə, əgər son bir neçə gündə Ukraynanın idxal etdiyi maksimum güc 1400 MVt-dan çox idisə, bu gün 1650 MVt-dır. "Yəni bu, idxala icazə verilən 1700 MVt-lıq dövlətlərarası kəsişmənin demək olar ki, tam yüküdür və bu, çatışmazlıq dövründə Ukraynanın enerji sisteminə əhəmiyyətli dəstəkdir", - deyə V.Kudritski əlavə edib. Onun fikrincə, səbəblər idxal deyil, Rusiyanın zərbələri nəticəsində Ukrayna elektrik stansiyalarına ciddi ziyan dəyməsi fonunda istehlakın əhəmiyyətli dərəcədə artmasıdır.
Qeyd edək ki, enerji sistemindəki vəziyyətə görə paytaxt Kiyev də daxil olmaqla bütün bölgələrdə əhali üçün qrafik tətbiq olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev