SİYASƏT
Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan ilə Belarus arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir və gündən-günə inkişaf edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri və səfər zamanı imzalanan bir çox əhəmiyyətli sənədlər, dövlətimizin inkişafı ilə bağlı səsləndirilən fikirlər bunu bir daha təsdiqlədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.
O bildirib ki, Belarusla Azərbaycan arasında sağlam münasibətlər tarixin sınaqlarından çıxıb və Aleksandr Lukaşenko ən çətin anlarda dövlətimizin yanında olduğunu nümayiş etdirərək Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək verib.
“Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenkonun təkbətək və geniş tərkibdə görüşləri ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Səfər zamanı iki ölkə arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi-sənaye, nəqliyyat, turizm, iqtisadiyyat sahələri ilə əlaqədar sənədlərin imzalanması gələcək inkişafa yeni yollar açır. Həmçinin Belarus Prezidentinin Azərbaycan haqqında söylədiyi ifadələr də olduqca qürurvericidir. Qardaş xalqlarımız arasında dərin hörmət və münasibətləri yüksək qiymətləndirən Aleksandr Lukaşenko deyib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”. Hər iki ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın müharibədən sonrakı dövrdə aparılan möhtəşəm quruculuq, bərpa, təmir-tikinti işlərinə diqqəti cəlb etməklə həmin işlərin daha da sürətləndiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Azərbaycan Prezidenti Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət edib. Belarus Prezidentinin Azərbaycana səfəri hər iki dövlətin milli maraqlarına uyğundur, gələcək inkişaf və təhlükəsizlik üçün bir zəmanət olmaqla, dünyada sülhün, əmin-amanlığın bərpasına xidmət edir”, - deyə Tahir Rzayev vurğulayıb.