İDMAN
Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək
![Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək](/files/2024/2/1200x630/17160186814086925937_1200x630.jpg)
Bakı, 18 may, AZƏRTAC
“Milli komanda 15 gün birlikdə hazırlıq keçə bildi. Əlbəttə ki, bu da oyunçuların bir-birinə uyğunlaşması baxımından az vaxtdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Elmin Alışanov Qızıl Avropa Liqasının ilk turunda Bakıda Rumıniya seçməsinə 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, heyətdə gənc voleybolçuların olmasına baxmayaraq, rəqibə yaxşı müqavimət göstərdiklərini bildirib: “Rəqiblərimiz həm oyun praktikası, həm də təcrübə baxımından bizdən öndədirlər. Rumıniya ilə matçda əlimizdən gələni etməyə çalışdıq. Mayın 19-da Ukrayna ilə oynayacağıq. Çətin də olsa, sonadək döyüşəcəyik”.
Onun sözlərinə görə, bu cür turnirlərdə iştirak etmək gənc oyunçular üçün böyük təcrübədir: “Federasiya da yığmanın inkişafı üçün çalışır. Qızıl Avropa Liqasında mübarizə aparmaq ölkə voleybolunun tanınmasına və komandanın inkişafına müsbət təsir edəcək. Ümid edirəm ki, xalqımızı sevindirə biləcəyik”.
Qeyd edək ki, Azərbaycan–Ukrayna oyunu saat 18:00-da start götürəcək. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya ilə də üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.