SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ DÜNYA SAMMİTİNİN İŞİNDƏ İŞTİRAK EDƏCƏK
Avqustun 26-da Cənubi Afrikanın Yohannesburq şəhəri ətrafındakı Sandton qəsəbəsində 100-dən artıq ölkənin rəhbərlərinin iştirakı ilə Sabit inkişaf üzrə dünya sammiti işə başlamışdır.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazir Vilayət Quliyev başda olmaqla ölkəmizin nümayəndə heyəti avqustun 29-da sammit iştirakçılarına qoşulacaqdır.
BMT-nin Azərbaycandakı ofisinin məlumatına görə, sammiti BMT-nin Sabit inkişaf üzrə komissiyasının onuncu sessiyası təşkil etmişdir. Bu möhtəşəm tədbiri keçirməkdən əsas məqsəd sabit inkişafa nail olmaq üçün dünya ölkələrinin öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini sürətləndirməkdir. Sentyabrın 4-də yekun iclasında qəbul ediləcək “Yohannesburq bəyannaməsi” planetin sabit inkişafına dair qlobal konsensusun öncül istiqamətlərini müəyyənləşdirəcəkdir.