ELM VƏ TƏHSİL
“AZƏRBAYCAN TARİXİNDƏ HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ” MONOQRAFİYASININ TƏQDİMATI OLMUŞDUR
Naxçıvan Dövlət Universitetində AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun ölkəmizin Prezidenti Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı monoqrafiyasının təqdimat mərasimi olmuşdur.
Monoqrafiyaya görkəmli dövlət xadiminin ömür yolu barədə “Azərbaycan dövlətçiliyinin xilaskarı”, “Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası”, “Qurtuluş mübarizəsinin qalibi”, “Yeni Azərbaycanın banisi”, “Yeni Azərbaycanın qurucusu”, “Ata yurdumuzun Atatürkü” başlıqlı bölmələr daxil edilmişdir.
Mərasimdə universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan dövlətçiliyini, xalqımızın azadlığını və müstəqilliyini əbədiləşdirən, bütün ömrünü bu müqəddəs amala həsr edən Heydər Əliyevin siyasi irsini, onun dövlət idarəçiliyi təcrübəsini öyrənməyin əhəmiyyətindən danışmış, bu kitabın Əliyevşünaslığa dəyərli tövhə olduğunu söyləmişdir.