İQTİSADİYYAT
Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir
Bakı, 22 may, AZƏRTAC
Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını, vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru İlham Bayramov deyib.
O bildirib ki, institut bir sıra beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) üzvüdür. AZSTAND, həmçinin Avropa Standartlaşdırma Təşkilatı (CEN) ilə yaxından əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır.
“Bunlarla yanaşı institutumuz Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın da üzvüdür. Bu qurum Müstəqil Dövlətlər Birliyinin (MDB) standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində siyasəti həyata keçirən hökumətlərarası təşkilatıdır. Dövlətlərarası Şuranın əsas işçi orqanı ekspert qrupundan ibarət Standartlar üzrə Bürosudur. Dövlətlərarası Şura İSO tərəfindən standartlaşdırma üzrə regional təşkilat kimi tanınır. Şuranın məqsədi dövlətlərarası standartları hazırlamaqdan və tətbiq etməkdən ibarətdir. Standartlaşdırma iqtisadiyyatın bütün sahələrində tətbiq olunur, məqsəd ticarətdə texniki maneələri aradan qaldırmaq və dəstəkləməkdir. Şura tərəfindən qəbul olunan standartlar bütün üzv dövlətlər tərəfindən qəbul olunur. Vahid standartın qəbul olunması dövlətlər arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verir”, - deyə baş direktor vurğulayıb.
İ.Bayramov nəzərə çatdırıb ki, AZSTAND-ın müasir və yeni texnologiyalarla təchiz olunmuş laboratoriyaları var ki, burada da tikinti materiallarından tutmuş ərzaq məhsullarına qədər olan bütün mallar sınaqdan keçirilir.