CƏMİYYƏT
BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA KEÇİRİLMİŞ REFERENDUMU YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Ölkəmizin Konstitusiyasında dəyişikliklər edilməsinə dair avqustun 24-də keçirilən referendumun gedişini izləmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə respublikamıza gəlmiş beynəlxalq müşahidəçilər- Avropa Şurasının Parlament Assambleyasının təmsilçisi, Ukrayna Ali Radasının deputatı Anatoli Raxanski və Belarus Mərkəzi seçki Komissiyasının sədri Lidiya Yermoşina bəyanat vermişlər.
Ukraynalı müşahidəçinin bəyanatında deyilir ki, referendumun 1990-cı il Kopenhagen sənədində, ATƏT-in İstanbul zirvə görüşünün bəyannaməsində, Yeni Avropa üçün Xartiyada təsbit edilmiş beynəlxalq standartlara tam müvafiq surətdə keçirilməsi üçün Azərbaycanda lazımi tədbirlər görülmüşdür. Beynəlxalq müşahidəçilərin dəvət olunması Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri yerinə yetirdiyini təsdiq edir. Ölkə vətəndaşlarının böyük əksəriyyətinin səsvermədə iştirakı isə xalqın demokratik dəyərlərə, prosedurlara və təsisatlara sadiqliyini göstərir.
Ukraynadan olan müşahidəçi öz bəyanatında bildirmişdir: “Müşahidəmizin təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, referendum azad, şəffaf, universal demokratik prinsiplərə riayət edilməklə, inkişaf etmiş demokratik informasiya məkanında keçirilmiş, jurnalistlər referendumun gedişini işıqlandırmaq üçün geniş hüquqlarla və şəraitlə təmin olunmuşdu”.
Belarus MSK-nın sədri Lidiya Yermoşina öz bəyanatında beynəlxalq müşahidəçilərə Azərbaycanın seçki qanunvericiliyinin normativ aktlarını öyrənməyə imkan verildiyini bildirir. Onun fikrincə, bu qanunvericilik beynəlxalq norma və standartlara uyğundur. Müşahidəçilər ümumxalq səsverməsinin hazırlanmasının və keçirilməsinin, o cümlədən referenduma yekun vurulmasının bütün mərhələlərini izləmək üçün tam imkana malik olmuş, səslərin hesablanmasında iştirak etmişlər.
Bəyanatda deyilir: “Mərkəzi Seçki Komissiyası, ərazi səsvermə komissiyaları bütün texniki və təşkilati məsələlərin həllində müşahidəçilərə vaxtında və tam yardım göstərirdilər. Müəssisə və idarələrdən olan müşahidəçilərlə, müxtəlif siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə çoxsaylı görüşlərdə iştirak etməyimiz təmin olunmuşdu. Bu, ölkədəki daxili siyasi vəziyyət və referendumun yekunları haqqında obyektiv rəyimizi formalaşdırmağa imkan vermişdir”.
Hər iki müşahidəçi səsvermə iştirakçılarının yüksək fəallığını, referenduma çıxarılmış dəyişikliklər barədə ətraflı məlumata malik olduqlarını vurğulamışlar.