ELM VƏ TƏHSİL
DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO
Bakı, 18 may, AZƏRTAC
Qiymətləndirmə prosedurunun rəqəmsallaşmaya daxil olması çox mühüm bir addımdır. Bu, gələcəkdə bütün imtahanları daha şəffaf keçirməyə imkan verəcək. Biz dövlət qulluğuna qəbul imtahanı olanda görüntüləri internetə də çıxaracağıq. İctimai müşahidə bizim üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, bu gün “Yüksəliş”in qabiliyyət imtahanı təkcə bu binada deyil, başqa binalarda da keçirilir. İmtahan verənlərin sayı çoxdur. “Hazırda elektron imtahanlar korpusunda 700 nəfər imtahan verir. Günün ikinci yarısında da bir o qədər şəxs imtahan verəcək. Eləcə də sabah bu qayda ilə imtahanlar təşkil ediləcək. Beləliklə, iki gün ərzində burada 2800 nəfər tamamilə şəffaf və yaxşı şəraitdə imtahan verəcəklər”, - deyə Məleykə Abbaszadə bildirib.