ELM VƏ TƏHSİL
IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb
Bakı, 17 may, AZƏRTAC
Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi (IAAR) tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) hazırlığı aparılan 2 ixtisas və 1 ixtisaslaşma proqramının akkreditasiyası keçirilib. Bu proses AzMİU və IAAR arasında bağlanılmış müqaviləyə əsasən aparılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Nəqliyyat fakültəsinin nəqliyyat tikintisi mühəndisliyi, İnşaat fakültəsinin inşaat mühəndisliyi ixtisasları və inşaat mühəndisliyi ixtisaslaşmasında aparılan akkreditasiyanın məqsədi həmin sahələr üzrə kadr hazırlığının keyfiyyəti və beynəlxalq səviyyə uyğunluğunu yoxlamaq olub. Bu prosesi həyatı keçirmək üçün AzMİU üzrə özünütəhlil hesabatının hazırlanması istiqamətində 24 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyanın sədri tədris işləri üzrə prorektor professor Akif Qasımov, müavinlər Nəqliyyat fakültəsinin dekanı dosent Elçin Yusifzadə və İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev təyin edilib. Komissiya işinə yanvar ayından etibarən başlayıb, bütün lazımi məlumatlar onlar tərəfindən toplanaraq təhlil edilib, yekunda özünütəhlil hesabatı hazırlanıb və agentliyə təqdim olunub.
Özünütəhlil hesabatı ilə tanışlıqdan sonra sözügedən ixtisaslar və ixtisaslaşma proqramı üzrə kadr hazırlığının keyfiyyətini yoxlamaq məqsədilə agentlik tərəfindən AzMİU-ya beynəlxalq ekspertlərdən ibarət komissiya göndərilib. Beynəlxalq ekspertlər universitetlə ilkin tanışlıqdan sonra fakültələrin dekanları, professor-müəllim heyəti, tələbələrlə ünsiyyətdə olub, müvafiq yoxlamalar aparıblar.
Universitetdə akkreditasiya prosesini tamamlayan beynəlxalq ekspert qrupu sonda rəhbər heyətlə görüşüb, birgə fikir mübadiləsi aparıb. Yekun hesabatın nəticəsi qərar verilməsi üçün Beynəlxalq Akkreditasiya Şurasına təqdim edilib.
Qeyd edək ki, AzMİU-da Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi tərəfindən aparılan akkreditasiya prosesinin yekun qərarının iyunun 21-də verilməsi nəzərdə tutulub.