ELM VƏ TƏHSİL
“KURRİKULUMUN HAZIRLANMASI VƏ ŞAGİRDLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ: NAİLİYYƏTLƏR VƏ PROBLEMLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Təhsil naziri Misir Mərdanov konfransı açaraq Prezident Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına xüsusi qayğı göstərdiyini, bu sahədə uğurlar əldə edildiyini bildirmiş, kurrikulumun hazırlanması və şagirdlərin qiymətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Sonra “CİTOqroep ” şirkətinin beynəlxalq bürosunun rəhbəri Annamari de Knextin “Kurrikulumun hazırlanması və qiymətləndirilməsi baxımından Azərbaycan təhsilinin modernləşdirilməsinə dair mülahizələr”, texniki yardım qrupunun beynəlxalq məsləhətçisi Anitsa Aleksovanın “Kurrikulum islahatı: yanaşmalar və nəticələr”, texniki yardım qrupunun milli məsləhətçiləri Talıb Şərifovun “Ümumtəhsil məktəbləri üçün təhsilin dövlət standartlarının hazırlanması”, fizika-riyaziyyat elmləri namizədi Nəbi Mahmudovun “Azərbaycanda riyaziyyatdan kurrikulumun hazırlanması: görülmüş işlər, nəticələr”, milli məsləhətçilər qrupunun rəhbəri, pedaqoji elmlər namizədi Ənvər Abbasovun “Azərbaycanda ana dilindən kurrikulumun hazırlanması: görülmüş işlər, nəticələr” mövzusunda məruzələri dinlənilmişdir.
Konfrans iştirakçıları kurrikulumun hazırlanması və şagirdlərin qiymətləndirilməsi layihəsi üzrə görülmüş işlərin nəticələri, kurrikulumun tərkib hissəsi olan təhsil standartlarının hazırlanması texnologiyası, məktəbdaxili qiymətləndirmənin müxtəlif növləri, ilk milli qiymətləndirmə nümunələri və onların tətbiqi əsasında alınmış nəticələrlə tanış olmuşlar.