ELM VƏ TƏHSİL
Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-ın Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.