İQTİSADİYYAT
Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan COP29-un əsas mövzusu olan enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda deyib.
O bildirib ki, Azərbaycan neft-qaz ölkəsi olsa da, gündəliyi yaşıl enerji ilə bağlıdır.
“Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları yaşıl enerji zonası elan olunub. 2030-cu ilə qədər ümumi enerji istehsalında alternativ və bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq hədəflənir. COP29-un müvəffəqiyyətini təmin etmək, ətraf mühitin dayanıqlılığı və iqlim fəaliyyəti ilə bağlı ortaq məqsədlərə çatmaq üçün bir sıra təşəbbüslər irəli sürülüb və bu təşəbbüslərin reallaşdırılması istiqamətində işlər aparılır. Əsas təşəbbüslərdən biri inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin maliyyələşdirilməsi məqsədilə xüsusiləşmiş İqlim Maliyyə Fondunun yaradılmasıdır. Bu fond üzv tərəflərin ixrac etdikləri qalıq yanacağının hesabına formalaşaraq, iqlim təşəbbüsləri üçün sabit maliyyə mənbəyinin təmin edilməsini nəzərdə tutur. Fond stabil və proqnozlaşdırıla bilən maliyyə mənbələrini təmin etməklə bərpaolunan enerji, enerji səmərəliliyi və iqlimlə bağlı digər layihələrə qoyulan investisiyaları stimullaşdıra bilər. Bu da öz növbəsində ölkələrə karbon emissiyalarını azaltmağa, enerji təhlükəsizliyini artırmağa və dayanıqlı inkişaf üçün yeni imkanlar yaratmağa kömək edə bilər”, - deyə nazir müavini vurğulayıb.