ELM VƏ TƏHSİL
“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri müəyyən olunub
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün təşkil olunan “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin final mərhələsinin nəticələrinə əsasən qaliblər müəyyən olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı tələbələri aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və informasiya texnologiyaları üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Eyni zamanda, xüsusi fərqlənən əlavə 10 nəfər iştirakçı da həvəsləndirici mükafata layiq görüləcək və onlar da mentorluq proqramına cəlb olunacaqlar. Həmçinin müsabiqənin finalçıları kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Müsabiqənin 10 qalibi və 10 xüsusi mükafatçısının adları ilə linkdə tanış olmaq mümkündür.