ELM VƏ TƏHSİL
Prorektor: BDU-da keçirilən tibbi aksiyanın müddəti uzadılıb
![Prorektor: BDU-da keçirilən tibbi aksiyanın müddəti uzadılıb](/files/2024/2/1200x630/1715940213457059598_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 2005-ci ildən etibarən tibbi aksiyalar təşkil edir. Səyyar klinika növbəti dəfə öz aksiyasını BDU-da keçirir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev söyləyib.
Prorektor qeyd edib ki, səyyar klinika professor-müəllim heyəti, inzibati-texniki işçilər və tələbələr üçün hərtərəfli müayinə məqsədilə kifayət qədər texniki şəraitlə təmin olunub.
“BDU-da təşkil olunan aksiyaya Mərkəzin yüksəkixtisaslı həkimləri cəlb olunub. Mərkəz tərəfindən tələbələrin çoxsaylı müraciətləri və universitetin əməkdaşlarının say çoxluğu nəzərə alınaraq aksiya mayın 20-21-də də davam etdiriləcək”, - deyə prorektor Ə. Ağamirzəyev əlavə edib. O qeyd edib ki, aksiya çərçivəsində orta hesabla hər gün 200-dən çox müəllim və tələbənin müayinəsi nəzərdə tutulub.
“Tibbi aksiya ilə bağlı elan universitetin bütün kollektivinin diqqətinə çatdırılıb. Aksiyada iştirak etməmiş müəllimlər və tələbələr Mərkəz tərəfindən müayinə olunmaq üçün bu gün və növbəti həftənin bazar ertəsi və çərşənbə axşamı günləri üçün elan əsasında müraciət edə və qeydiyyatdan keçə bilərlər”, - deyə prorektor fikrini yekunlaşdırıb.