CƏMİYYƏT
Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib
Bakı, 17 may, AZƏRTAC
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə növbəti regional müşavirə Lənkəran şəhərində keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri, Lənkəran Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qarşıdan gələn yay mövsümü ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar, fermerlər, meşə ətrafında yaşayan kənd sakinlər, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.
Tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaq, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermək, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaq barədə çağırış edilib.