CƏMİYYƏT
YAŞAR VAHİD OĞLU QARAYEV
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yaşar Vahid oğlu Qarayev 2002-ci il avqustun 25-də ömrünün 67-ci ilində vəfat etmişdir.
Yaşar Qarayev 1936-cı il martın 5-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə universiteti bitirərək, həmin ildən ömrünün sonunadək həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə bağlamışdır. O, baş laborantlıqdan institutun direktoru vəzifəsinə qədər yüksəlmişdir.
Yaşar Qarayev 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Zəngin, çoxistiqamətli yaradıcılıq yolu keçən alim hələ 1960-70-ci illərdə Azərbaycan tənqidinə yeni təfəkkür tərzi və orijinal üslub gətirmiş, müasir ədəbiyyatşünas və tənqidçilərin formalaşmasında mühüm rol oynamışdır. Ədəbi tənqidin görkəmli nümayəndəsi olan alimin Azərbaycan ədəbi-nəzəri fikrinin ayrı-ayrı dövrləri və problemlərinə həsr etdiyi tədqiqatlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun poeziya, nəsr, dramaturgiya, realizmin inkişaf mərhələləri, şəxsiyyət və zaman, X1X-XX əsrlər Azərbaycan ədəbiyyatı problemlərinə dair əsərlərinin Azərbaycan ədəbiyyatşünaslığına fəlsəfi məzmun və intellektual vüsət qazandıran qiymətli tədqiqatlar kimi milli ədəbiyyatşünaslıqda xüsusi yeri vardır. Yaşar Qarayev çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktoru və əsas müəlliflərindən biri idi.
Müasir milli bədii-estetik fikir tarixində, ədəbi düşüncə və tənqidin inkişafında diqqətəlayiq xidmətləri olan Yaşar Qarayevin bütün elmi fəaliyyəti azərbaycançılıq ideyalarına sədaqətlə xidmətin rəmzidir. Müstəqil Azərbaycanın qonşu ölkələrlə elmi-ədəbi əməkdaşlığının gücləndirilməsi naminə alimin göstərdiyi səylər ədəbiyyatın xalqlar arasında mənəvi-mədəni körpüyə çevrilməsi işinə xidmət etmişdir.
Yaşar Qarayev bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil etmişdir. Onun müasir ədəbi proseslərin, ədəbi əlaqələrin və ədəbiyyat tarixinin müxtəlif problemlərinə həsr olunmuş məruzələri özünün dərin ümumiləşdirmə gücü ilə ədəbiyyatşünasların böyük marağına səbəb olmuşdur. Alimin əsərləri bir sıra dünya dillərində işıq üzü görmüşdür.
Yaşar Qarayev səmərəli elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrlar hazırlanmasına, elmin təbliğinə böyük qüvvə və bacarıq sərf etmişdir. Onun rəhbərliyi ilə onlarca elmlər namizədi və doktoru hazırlanmışdır.
Tanınmış alim, əsl ziyalı və qayğıkeş insan Yaşar Qarayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Misir Mərdanov, Nizami Xudiyev,
Anar Rzayev, Bəxtiyar Vahabzadə,
Cəlal Əliyev, Şahlar Əsgərov,
Arif Mehdiyev, Nəriman Quliyev,
Toğrul Şaxtaxtinski, Cəmil Quliyev,
Ağamusa Axundov, Bəkir Nəbiyev,
Əziz Mirəhmədov, Kamal Talıbzadə,
Rasim Əfəndiyev, Nizami Cəfərov
Kamal Abdullayev
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2002-ci il avqustun 26-da saat 14.00-dan 16.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.
Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcəkdir.