CƏMİYYƏT
Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək
Bakı, 22 may, AZƏRTAC
Mayın 23-24-də Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün tibbi aksiya keçirəcək.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, tibbi aksiya yerli sakinlərin göz xəstəlikləri ilə bağlı şikayətlərini nəzərə alaraq onların müayinə əsasında müşahidə olunan xəstəliklərinin müalicə yolu ilə aradan qaldırılmasına və gələcəkdə rast gəlinə biləcək problemlərin qarşısının alınmasına kömək göstərəcək. Aksiyadakı müayinələr əsasında göz problemləri ilə bağlı ümumi nəticə çıxardaraq müəyyən olunan xəstəliklərin müzakirəsi edilir. Buna əsasən qeyd edilməlidir ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.
Qeyd edək ki, Mərkəz respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər və aksiyaların sayı daim artır. Həmin aksiya və tədbirlərin əsas məqsədi görmə problemi olan insanların erkən müayinə və müalicə olaraq öz sağlamlıqlarını geri qaytarmaqdır.
Həmçinin xatırladaq ki, Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.