ELM VƏ TƏHSİL
35 SUMQAYITLI ABİTURİYENT 600-DƏN ÇOX BAL TOPLAMIŞDIR
Sumqayıt abituriyentləri yüksək nəticələr əldə etmişlər. Builki məzunların 35 nəfəri 600-dən çox bal toplayaraq, mötəbər ali təhsil ocaqlarına daxil olmuşdur. Nizami Gəncəvi adına litseyin məzunu Çingiz Mustafayev sumqayıtlılar arasında ən yüksək - 688 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuşdur.
Sumqayıt tələbələrinin şərəfinə təşkil olunmuş təntənəli yığıncaqda bildirilmişdir ki, 200-dən çox abituriyent 500-dən artıq bal toplamışdır. Ümumilikdə məzunların 70 faizi ali məktəblərdə təhsil alacaqdır.
Sumqayıtdakı T.Özal adına Türkiyə özəl litseyinin şagirdləri – məktəblilərin Yaponiyada keçirilmiş fizika üzrə dünya olimpiadasının gümüş mükafatçısı Cavid Həbibovun və Qazaxıstanda iqtisadi layihələr üzrə beynəlxalq müsabiqədə gümüş medal qazanmış Rasim İsmayılovun uğurları xüsusi qeyd olunmuşdur. Onlara və ən yüksək bal toplamış daha 35 tələbəyə gül-çiçək və qiymətli hədiyyələr təqdim edilmişdir.