REGİONLAR
50 ildən çoxdur tingçiliklə məşğul olan Lənkəran sakini calaq vurmanın sirlərindən danışır VİDEO
Lənkəran, 17 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Cənub bölgəsində ənənəvi təsərrüfat sahələrindən biri də tingçilikdir. Calaq vurmaq, meyvə tinglərinin yetişdirilməsi incə və ustalıq tələb edən işdir. İllərdir tingçiliklə məşğul olan zəhmət adamlarından biri də Lənkəranın Sütəmurdov kənd sakini Şıxəli Kazımovdur.
AZƏRTAC xəbər verir ki, Şıxəli Kazımov yaşadığı kənddə təcrübəli təsərrüfatçı, işgüzar əmək adamı, torpağa bağlı insan kimi tanınır. Qış fəsli olmasına baxmayaraq, Şıxəli dayı yorulmadan çalışır, sitrus tinglərini polietilen qablara əkir, calaq olunmuş bitkiləri mütəmadi yoxlayır, calaqaltından əmələ gəlmiş zoğları təmizləyir. 78 illik ömrünün 50 ildən çoxunu bu işə sərf edən bağban, şəxsi təsərrüfat sahəsində müxtəlif növ meyvə ağacları, eləcə də dekorativ bitkilər yetişdirir.
“Qayınatamgil bu işlə məşğul olublar. Mən ondan öyrənmişəm. O vaxtdan, 1969-cu ildən ağac calaq edirəm. Qocalsam da, yenə də bu işlə məşğulam”, - deyən bağbanın sözlərinə görə, indi armud calağı etməyin vaxtıdır. Sitrus meyvələrini isə avqust ayında calaq etmək məsləhətdir.
Təsərrüfatçı deyir ki, hər bir meyvə ağacının ömrü, onun məhsuldarlığı birinci növbədə calaqaltıdan asılıdır. Calaqaltı xəstəliklərə, zərərvericilərə davamlı, geniş kök sisteminə malik, gövdə qabığı hamar olmalıdır: “Bu armudlar cır armuddur. Cır armud meşədə yetişir. Armudu-armuda, almanı-almaya, gavalını-gavalıya calaq edirəm. Bəzən gavalını, alçanı ərik ağacı ilə, armudu heyva ilə calaq edirlər. Amma bizim tərəflərdə tutmur. Ona görə də, bizim tərəfdə ən yaxşısı armudu-armuda calaq etməkdir”.
Bir neçə calaq üsulu var. Ən çox tətbiq edilən qələm, yarma, göz calaqlarıdır ki, onların da hər biri mövsümə uyğun olunmalıdır. Şıxəli bağban əsasən göz və yarma calaq üsullarına üstünlük verir. Çünki bu üsullarla calaqların tutma faizi yüksəkdir: “İyul-avqust aylarından sentyabrın 15-nə kimi sitrus bitkiləri calaq olunur. Armud da calaq olunur, göz calağı. Bizdə əvəllər həmişə yarma calaq olardı, qədimdən, ata-babalardan. Sonra göz calağı ilə calaq vurmağa başladılar. Bu üsulu da gürcüstanlılardan öyrənmişik. Ən yaxşısı elə göz calağıdır, sitrus bitkilərində yaxşı tutur”.
Calaqçı bağında yerli “dədə-baba” sortları ilə yanaşı, yeni subtropik bitkilər də yetişdirir. Toxumunu uzun illər əvvəl xaricdən gətirdiyi quava bitkisi kimi.
Şıxəli dayı bu gün hansı meyvələrə tələbat varsa, onları calaq etməyə üstünlük verir. Calaq edib satdığı meyvə tinglərinin həm rayonun özündən, həm də respublikanın digər bölgələrindən müştəriləri var.