ELM VƏ TƏHSİL
ADA Universitetində iqlim fəaliyyətləri üzrə imkanlar və çətinliklər mövzusunda müzakirə aparılıb
Bakı, 22 may, AZƏRTAC
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər mövzusunda seminar panel iclaslarla davam edir.
AZƏRTAC xəbər verir ki, iqlim fəaliyyətləri üzrə imkanlar və çətinliklər mövzusunda həsr edilən panel iclas Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilir.
Çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva COP29-un insanların bir araya gələrək mürəkkəb qərarlar qəbul etməsi üçün əla bir fürsət olduğunu bildirib. O qeyd edib ki, bu konfrans çətin geosiyasi şəraitdə keçirilir. Gənclərin bizim gələcəyimiz olduğunu vurğulayan Vladenka Andreyeva bu konfransda onların iştirakının perspektiv və əhəmiyyətindən danışıb.
COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova seminarda çıxış edərək uşaqlar və gənclərin iqlim dəyişikliyi və təbiətin qorunması ilə bağlı məlumatlandırılmasının və tədris olunmasının əhəmiyyətini vurğulayıb.
Belçika Xarici İşlər Federal Dövlət Xidmətində Ətraf Mühit və İqlim Siyasəti Əməkdaşlığı üzrə direktor müavini Ulrik Lenerts ölkəmizdə keçiriləcək COP29-a hazırlıq proseslərini yüksək qiymətləndirib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Macarıstan heyətinin rəhbəri Veronika Bagi Azərbaycanın COP29-la bağlı digər ölkələrlə danışıqlar apararaq üzərinə böyük öhdəlik götürdüyünü söyləyib. O bildirib ki, COP29-a ev sahibliyi edən ölkə COP28 və COP30 ölkələri ilə sıx əməkdaşlıq etməlidir. Gənclərin bu məsələdə əhəmiyyətini vurğulayan xanım Veronika Bagi iqlim dəyişikliyi ilə bağlı yaşlıların da gənclərdən nələrisə öyrənməli olduğunu bildirib.
Gürcüstanın İlya Universitetinin dosenti və Energetika üzrə Tədqiqatlar Mərkəzinin rəhbəri Murman Marqvelaşvili yaşıl energetikanın potensialından danışaraq yaşıl energetika və hidrogenin Avropa İttifaqı ölkələrinin bu sahədəki çağırışlarına cavab verə biləcəyini söyləyib.
O, iqlim fəaliyyəti üzrə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Daha sonra ekspertlər jurnalistlərin suallarını cavablandırıblar.