İQTİSADİYYAT
ALMANİYA BANKI KREDİTLƏRİN HƏCMİNİ ARTIRACAQDIR
Almaniyanın KFVV bankının kredit xətti tezliklə 3 milyon avro artacaqdır. Bankın Bakıdakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan banklarına kredit verilməsinin artırılması Almaniya-Azərbaycan Fondu (AAF) çərçivəsində həyata keçiriləcəkdir. Nümayəndəlikdən verilən məlumata görə, AAF-ın maliyyələşdirməsinin artırılması 1999-cu ildə imzalanmış Azərbaycan-Almaniya hökumətlərarası sazişdə nəzərdə tutulmuşdur.
Bankın ekspertləri bildirmişlər ki, KFVV sentyabrın sonunadək AAF proqramı üzrə maliyyələşdirmə mexanizminə yenidən baxacaq və payızda kredit xəttinin həcmi 8 milyon avro olacaqdır. Bu istiqamətdə ilkin prosedur işlərinə artıq başlanmışdır.
Cari ilin dördüncü rübündə kiçik və orta biznesin maliyyələşdirilməsi proqramı üçün daha 2-3 əlavə agent-bank seçiləcəkdir. Hazırda bankın və onun agentlərinin bir borc alana ayırdığı kreditin maksimum həcmi təxminən 75 min avrodur. Odur ki, böyük məbləğə ehtiyacı olan müəssisələr proqramda iştirak edə bilmir. Buna görə də verilən kreditlər xeyli artırılacaqdır.