DÜNYA
Avropa İttifaqı, ABŞ və Serbiya Kosovonun serb banklarını bağlamasını pisləyib
![Avropa İttifaqı, ABŞ və Serbiya Kosovonun serb banklarını bağlamasını pisləyib](/files/2024/2/1200x630/17163681521035240476_1200x630.jpg)
Belqrad, 22 may, AZƏRTAC
Avropa İttifaqı və ABŞ Kosovonun ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə Serbiyaya məxsus bankın altı filialını bağlamasını pisləyib.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bu addımın Serbiya və Kosovo arasında aparılan danışıqlara maneə olduğunu bildirib. Avropa İttifaqı isə bunun iki ölkə arasında münasibətlərin normallaşmasını və dialoqu sarsıtdığını açıqlayıb. Serbiya tərəfi isə Kosovo hökumətinin bu qərarının iğtişaşlara səbəb olacağı və xaos yaratmaq məqsədi daşıdığı qənaətindədir.
Qeyd edək ki, Kosovo bu addımı serb valyutasının davamlı istifadəsini qadağan etmək siyasətinin tərkib hissəsi kimi atıb. Fevralın 1-dən etibarən ölkədə nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilmişdi.
Kosovo 2002-ci ildən etibarən avrodan istifadə edir. Ölkənin şimalda serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə isə əhali həm serb dinarı, həm də avrodan istifadə edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad