DÜNYA
AZƏRBAYCAN-FRANSA HƏRBİ MÜNASİBƏTLƏRİ HƏR İKİ ÖLKƏNİN MƏNAFELƏRİNƏ UYĞUN İNKİŞAF EDİR
İyulun 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare və hərbi attaşe polkovnik Fransis Monkobek ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik S. Əbiyev qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycan və Fransa arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də münasibətlərin yaradılması təqdirəlayiq haldır. Xanım Ş. Puare qəbul üçün təşəkkür edərək son günlərdə Ermənistan-azərbaycan qoşunlarının təmas xəttində vəziyətin gərginləşməsini səbəbləri, Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin görüşündə hansı məsələlərin müzakirə edildiyi ilə maraqlanmışdır. General-polkovnik S.Əbiyev demişdir ki, Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin gərginləşməsinin əsas səbəbi Ermənistanın Azəbaycan torpaqlarını işğal etməsidir. İkinci səbəb beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana qarşı heç bir tədbir görməməsidir. Üçüncü səbəb isə işğalçı Ermənistanın özünün cəzasız hiss etməsidir. General-polkovnik S.Əbiyev Ermənistanın müdafiə naziri Serj Sarkisyanla görüşündə atəşkəs rejiminin pozulmaması üçün hər iki tərəfin qəti tədbirlər görəcəyi barədə razılıq əldə edildiyini söyləmişdir. O, təəssüflə demişdir: “Lakin danışıqlardan dərhal sonra, həmin günün axşamı Ermənistan tərəfi Azərbaycanın Tovuz və Qazax rayonları istiqamətində atəşkəsi yenidən pozmuşdur”. Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinə toxunmuşlar. Məsələyə münasibət bildirən general-polkovnik S.Əbiyev demişdir ki, bu problem beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistana isə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elə tərzdə demək lazımdır ki, onda bu məsələ ilə əlaqədar heç bir illüziya qalmasın. Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasında öz missiyasını başa vuran hərbi attaşe polkovnik Fransis Monkobeqə Azərbaycan-Fransa hərbi münasibətlərinin dərinləşməsində gördüyü işlərə görə təşəkkür etmiş, ona uğurlar arzulamışdır. Polkovnik F.Monkobeq öz növbəsində Azərbaycanda hərbi attaşeliyi dövründə gördüyü işlər barəsində müdafiə nazirinə ətraflı məlumat vermiş və Azərbaycandakı missiyasının başa çatması ilə əlaqədar təəssüfləndiyini bildirmişdir. Sonda general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.