Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 965 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-ci bəndin birinci cümləsində “25,0 milyon” sözləri “5000” rəqəmləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Xidmət)” sözləri ilə əvəz edilsin.

2. 2.6-cı bənddə “25,0 milyon” sözləri “5000” rəqəmləri ilə və həmin bənddə “Əmlak Məsələləri Dövlət Komitəsindən” sözləri “Xidmətdən” sözü ilə əvəz edilsin.

3. 2.7-ci bənddə “avtomobil nəqliyyatı” sözləri “daşınmaz dövlət əmlakı və nəqliyyat” sözləri ilə, həmin bənddə və 2.8-ci bəndin birinci abzasında ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilsin.

4. 2.9-cu bəndin birinci abzasında “gündən gec olmayaraq” sözləri “gün müddətində, əlavə araşdırma tələb edilən hallarda isə 15 gün müddətinə uzadılmaqla” sözləri ilə və həmin bəndin birinci və ikinci abzaslarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Xidmət” sözü ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. Təqdim edilmiş sənəd və məlumatların ilkin təhlili zamanı balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərin istismara və digər sahələrdə istifadəyə yararlılığı müəyyən edildiyi halda, həmin əsas vəsaitlərin (fondların) səmərəli istifadə imkanlarının araşdırılması məqsədilə bu Qaydanın 2.9-cu bəndi ilə müəyyən edilmiş müddət ərzində yerində baxış keçirilir və baxış aktı tərtib edilir. Balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərə (fondlara) baxış keçirilməsi üçün zəruri şərait yaradılması balanssaxlayıcı tərəfindən təmin edilir.

Xidmətin rəsmi qaydada müsbət rəyi alınanadək silinməyə təqdim edilmiş əsas vəsaitlərin mövcud vəziyyətinin qorunub saxlanılmasına görə balanssaxlayıcı mülki məsuliyyət daşıyır.

Balansdan silinməsi nəzərdə tutulan daşınmaz dövlət əmlakının vəziyyətinin qənaətbəxş və səmərəli istifadə imkanlarının olduğu müəyyən edilərsə, balanssaxlayıcı və Xidmət tərəfindən həmin daşınmaz dövlət əmlaklarının səmərəli istifadəsinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq zəruri tədbirlər görülür.

Balansdan silinməsi nəzərdə tutulan daşınar dövlət əmlakının (o cümlədən nəqliyyat vasitələrinin və ya onların hissələrinin) tərtib edilmiş baxış aktına əsasən istifadəyə və ya satışa yararlı olması müəyyən edilərsə, həmin əmlakın açıq hərrac yolu ilə satışı həyata keçirilir.”.

6. 2.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi barədə Xidmət tərəfindən rəy Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir.

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsinin razılaşdırılması məqsədilə zəruri sənəd və məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respub-likasının Nazirlər Kabinetinə təqdim edilir.”.

7. 2.14-cü bənddə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin.

8. Aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

“3.5. Əsas vəsaitlərin (fondların) söküntüsündən əldə edilən mal-materialların və metal qırıntılarının satışından sonra 10 (on) iş günü müddətində təsdiqedici sənəd və məlumatlar balanssaxlayıcı və ya baş idarəetmə orqanı tərəfindən Xidmətə təqdim edilir.”.

9. Həmin Qaydalara 1 nömrəli əlavədə “ƏMLAKIN (QİYMƏTLİLƏRİN) LƏĞVİ AKTI” cədvəlinə “Məbləği” sütunundan sonra “Qalıq balans dəyəri” sütunu əlavə edilsin və həmin əlavənin “Qeyd” hissəsinin ikinci abzasında “25 milyon manatadək (25 milyon manatdan yuxarı olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında)” sözləri “5000 manatadək (5000 manatdan yuxarı olduğu halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq rəyi əsasında)” sözləri ilə əvəz edilsin.

10. Həmin Qaydalara 2 nömrəli əlavədə “AVTOMOBİL NƏQLİYYATI VASİTƏLƏRİNİN LƏĞVİ AKTI”nın adında “AVTOMOBİL NƏQLİYYATI” sözləri “NƏQLİYYAT” sözü ilə, mətnində “avtomobil nəqliyyatı” və “avtonəqliyyat” sözləri “nəqliyyat” sözü ilə əvəz edilsin və həmin əlavənin “Qeyd” hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

11. Həmin Qaydalara 3 nömrəli əlavənin “Qeyd” hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 aprel 2024-cü il

№ 229

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin