RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ
Elə həmin gün respublika Prezidenti Heydər Əliyev Amerikanın Harriman İnstitutunda professor-müəllim heyəti və tələbələrlə görüşmüşdür. Görüşdə tanınmış diplomatlar və keçmiş Sovet İttifaqı üzrə mütəxəssislər də iştirak edirdilər. Xatırladaq ki, Harriman İnstitutu uzun illər ərzində keçmiş SSRİ-nin və onun ayrı-ayrı regionlarını, o cümlədən Azərbaycanı öyrənməklə məşğul idi. İnstitutda bu sahədə çoxlu mütəxəssis hazırlanmışdır.
Azərbaycan rəhbəri Heydər Əliyev müstəqillik qazanmış respublikamızda indiki vəziyyət, ölkəmizin gələcək inkişaf perspektivləri barədə geniş söhbət açmış, sonra suallara cavab vermişdir. Görüş iştirakçılarını MDB-yə daxil olan dövlətlərin qarşılıqlı münasibətləri, Rusiyanın regiona təsiri, bu yaxınlarda Bakıda imzalanmış neft müqaviləsi, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları və başqa məsələlər maraqlandırırdı. Birləşmiş Ştatların keçmiş SSRİ-dəki səfiri, hazırda Kolumbiya Universitetinin professoru olan Cek Metlokun “Neft müqaviləsinin həyata keçirilməsinin qarşısı alına bilərmi?” sualına cavabında Heydər Əliyev demişdir ki, hər bir dövlətin öz təbii ehtiyatlarından istədiyi kimi istifadə etməyə müstəsna səlahiyyəti var. Buna heç bir başqa dövlət qarışa bilməz. Azərbaycan Xəzərdəki neft yataqlarının işlənməsini xarici şirkətlərlə bağladığı müqaviləyə müvafiq şəkildə həyata keçirəcəkdir. Xəzər dənizinin statusu barədə bəzi dövlətlərin mülahizələrinə gəldikdə isə, Azərbaycan Respublikası bu mövzuda müzakirələrdə iştirak etməkdən çəkinmir. Çünki belə müzakirələr neft müqaviləsinin həyata keçirilməsinə əngəl ola bilməz. Əlbəttə, “Əsrin müqaviləsi” kimi səciyyələndirilən bu sənədi kimlərsə bəyənməyə bilər. Lakin bu, müstəqil Azərbaycan Respublikası üçün əsas deyildir.
Həmin gün Azərbaycan Prezidenti Federal Ehtiyat Bankında da olmuşdur. Qızıl ehtiyatını öz ölkələrində saxlamaqdan çəkinən bəzi dövlətlərin sərvətləri burada mühafizə edilir. Azərbaycan Prezidenti ilə bankın rəhbərləri arasında tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi olmuşdur.
Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış etmişdir.
Həmin gün Azərbaycan dövlətinin başçısı bir sıra ölkələrin xarici işlər nazirlərini qəbul etmişdir. Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş katibi Butros Qali ilə görüşü, ABŞ və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirilməsi də nəzərdə tutulur. Axşam neft şirkətlərinin başçıları Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət vermişlər.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York