İDMAN
Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib
![Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib](/files/2024/2/1200x630/17159578564971627829_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
"Daxili yarışların keçirilməsi "Paris-2024" Yay Olimpiya Oyunlarına reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir. Çünki burada hər növdə qalib gələn idmançılara 100 reytinq xalı veriləcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov yay ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yarış, eyni zamanda Türkiyənin İzmir şəhərində mayın 25-26-da keçiriləcək Balkan çempionatına seçmə xarakteri daşıyır: "Hazırlıqlarımız davam edir. Artıq atletlərimiz Antalya şəhərində iki təlim-məşq toplanışında iştirak ediblər. Ümid edirəm ki, idmançılarımız bu turnirdə özlərini yaxşı tərəfdən göstərə biləcəklər".
Mütəxəssis iyunun 7-12-də İtaliyanın paytaxtı Romada təşkil olunacaq lisenziya xarakterli Avropa çempionatına qatılacaq idmançılardan ikisinin adını açıqlayıb: "Artıq Anna Skidan və Nazim Babayevin qitə birinciliyinə yollanacağı dəqiqləşib. Daha 3 namizədimiz də var. Bunlar Kəsgin Abbaszadə, Aleksis Kopello və Yekaterina Sarıyevadır. Burada uğurla çıxış edən idmançılar Parisə lisenziya əldə edəcəklər".
Qeyd edək ki, atletika üzrə Azərbaycan çempionatına mayın 18-də yekun vurulacaq.