ELM VƏ TƏHSİL
BORÇALI MƏKTƏBLƏRİ YENİ DƏRS İLİNƏ TAM HAZIRDIR
BU İŞDƏ XİDMƏTİ XÜSUSİ QEYD EDİLMİŞDİR
Gürcüstanın Kvemo Kartli - Borçalı bölgə müdiriyyətinin bu günlərdə keçirilən yığıncağında qubernator Levan Mamaladze yeni dərs ili ərəfəsində məktəb binalarının təmiri və ümumiyyətlə, onların yeni dərs ilinə hazırlığının vəziyyəti barədə məlumat vermişdir.
Qubernatorun sözlərinə görə, məktəblərin əksəriyyətində cari və əsaslı təmir işləri görülmüşdür. Bolnisi və Zalqa rayonlarının hərəsində iki yeni məktəb binası tikilmişdir. Rustavi şəhər məktəblərinin birinci sinif şagirdlərinə “Deda ena” (“Ana dili”), Qardabani rayon məktəblərinin birinci siniflərinə tam dərslik dəsti, Marneuli rayonunda isə dərsliklərin bir hissəsi pulsuz veriləcəkdir. Bolnisi rayonunun məktəbliləri dərsliklərlə tam təmin olunmuşlar.
Levan Mamaladze Gürcüstan Prezidenti Eduard Şevardnadzenin göstərişi ilə təcili həll edilməli məsələlərin yoluna qoyulduğunu da yığıncaq iştirakçılarının nəzərinə çatdırmışdır. Belə ki, indən sonra bp şirkəti, “Mersikor”, “Kear” və digər tikinti təşkilatları Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin marşrutu boyunca yerləşən rayonlarda qeydiyyatdan keçəcək və vergi ayırmalarını da həmin rayonların büdcələrinə köçürəcəklər. Bu isə yerlərdə təhsillə bağlı problemlərin də həllinə kömək edəcəkdir.
Yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevin Borçalıda təhsil sahəsinin inkişafına, bu bölgədəki, eləcə də Tbilisi, Rustavi şəhərlərində, Kaspi rayonunda, Qaxeti bölgəsindəki Azərbaycan məktəblərinin təmirinə və dərsliklərlə təmin olunmasına qayğısı minnətdarlıqla qeyd edilmişdir.