İQTİSADİYYAT
Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir
Bakı, 18 may, AZƏRTAC
Dağıstan İslam ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmaq niyyətindədir. Məhsullar arasında ən çox tələbat Dağıstan quzularınadır.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə XV Beynəlxalq İqtisadi Forumu “Rusiya - İslam Dünyası: KazanForum” çərçivəsində Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov məlumat verib.
Onun sözlərinə görə, bundan əvvəl Dağıstan müsəlmanları müqəddəs Ramazan ayında bölgəyə səfər etmiş doqquz İslam ölkəsinin səfirlərinə də kənd təsərrüfatı məhsulları təqdim edib.
“Biz dünya standartlarının tələblərinə uyğun olaraq yüksəkkeyfiyyətli ekoloji məhsulların istehsalını kifayət qədər yüksək səviyyədə təşkil edirik”, - deyə A.Abdulmuslimov əlavə edib.
Onun sözlərinə görə, regionda halal sertifikatlaşdırma sistemi mövcuddur, bu da istehsalçılara məhsullarını, xüsusilə ət məhsullarını İslam ölkələrinə ixrac etməyə imkan verir.
Baş nazir qeyd edib ki, qoyun əti ilə yanaşı, İslam ölkələri düyü və balıq tədarükündə də maraqlıdırlar.
Hazırda Dağıstanın xarici ticarət dövriyyəsinin 64 faizi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə ticarətin payına düşür. Regionun əsas tərəfdaşları İran, İraq, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandır.