REGİONLAR
Ellada Həsənova: Rəssam bir əsər yaratmaq üçün ruhunu, arzularını, zamanını sevə-sevə həmin işə sərf etməlidir
Sumqayıt, 5 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Cənubi Qafqazın ikinci sənaye mərkəzi kimi tanınan Sumqayıt təkcə nəhəng zavod və fabrikləri, müasir infrastrukturu, sosial-məişət obyektləri ilə deyil, həm də qurub-yaradan, istedadlı sakinləri ilə tanınır. Sumqayıtda dünyaya göz açan, dekorativ tətbiqi sənət və rəssamlıq yaradıcılığı ilə diqqət çəkən Ellada Həsənova da onlardan biridir.
O, incəsənətə uşaqlıqdan həvəs göstərib. Bu sahəyə marağı onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib. “Bədii qrafika” fakültəsini bitirən E.Həsənova bir sıra dövlət qurumlarında çalışıb, hazırda isə Sumqayıt Dövlət Rəsm Qalereyasının rəhbəridir.
Respublikanın tanınmış heykəltəraşı, Əməkdar incəsənət xadimi, professor İbrahim Zeynalovdan incəsənətin sirlərini öyrənən E.Həsənova bilik və təcrübəsini, əməyini gənc rəssamların üzə çıxarılmasında, yeni layihələrin reallaşdırılmasında əsirgəməyib.
O, AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib ki, işlədiyi yerdən, tutduğu vəzifədən asılı olmayaraq boş vaxtını yaradıcılığa həsr edir, ailəsi ilə birlikdə ölkəmizin füsunkar təbiətini qarış-qarış gəzir. Rəssamın əl işlərində də onun məhz təbiətin təkrarolunmaz rənglərindən ilham aldığı aydın görünür.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan həmsöhbətimiz təsviri incəsənətin dekorativ tətbiqi sənət və boyakarlıq növü ilə məşğul olur, əsərlərində milli-mənəvi dəyərlərin və adət-ənənələrimizin təbliğinə önəm verir. Onun yaratdığı rəngarəng, milli-dekorativ xarakterli təsvirlər, klassik tonlarda, ovqatda təqdim etdiyi kompozisiyalar, süjetli əsərlər milli kolorit baxımından diqqəti cəlb edir.
Ellada Həsənovanın əsərləri müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilib və böyük maraq doğurub. “Muğam kompozisiyası” adlı əsəri Sankt-Peterburqda Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgidə uğurla iştirak edib və həmin əsər Rusiya Etnoqrafiya Muzeyində qorunub saxlanılır.
“Rəssam bir əsər yaratmaq üçün ruhunu, hisslərini, arzularını, ən önəmlisi də zamanını sevə-sevə həmin işə sərf etməlidir”, - deyən Ellada xanım, əl işlərini fərqli bədii ifadə tərzi, xüsusi harmonik ab-hava ilə daha da zənginləşdirməyə çalışdığını söyləyir. “Əl işlərimi qonaqlar suvenir kimi ölkələrinə aparanda ürəyim fərəhlə dolur ki, xaricdə Azərbaycan, onun mədəniyyəti, millətimiz haqqında müsbət fikir formalaşacaq”, - deyə o əlavə edib.
Rəssamlıq və dekorativ tətbiqi sənətlə peşəkar səviyyədə məşğul olan Ellada Həsənova 2018-ci ildən həm də ABAD-la (Ailə Biznesinə Asan Dəstək) əməkdaşlıq edir.