Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli 36 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ev təsərrüfatlarının uçotu Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 22 may 2024-cü il

№ 273

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il 22 may
tarixli 273 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 
Ev təsərrüfatlarının uçotu
QAYDASI

1. Bu Qayda “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və ev təsərrüfatlarının uçotunun (bundan sonra – uçot) aparılması qaydasını tənzimləyir.

2. Uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri (bundan sonra – nümayəndəliklər) tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılır.

3. Uçot aparılarkən ev təsərrüfatının daimi yaşayan üzvləri (bir şəxs və ya şəxslər qrupu) müəyyən edilir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi yaşayış evində, mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

4. Uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə hər il yanvarın 1-i vəziyyətinə aparılır.

5. Uçot yaşayış məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılır. Ərazidə müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi formada qeydə alınır.

6. Bütün üzvləri vəfat edən, yaxud bütün üzvləri digər inzibati ərazi dairəsinə köçən ev təsərrüfatı uçotdan çıxarılır.

7. Uçotu aparan nümayəndəliklər hər il fevral ayının 10-dək ev təsərrüfatlarının və onların üzvlərinin sayı barədə müvafiq bələdiyyəyə və statistika orqanına məlumat verirlər.

8. Uçotu aparan nümayəndəliklər tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi, yayılması və verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin