SİYASƏT
Fransa zor gücü ilə Yeni Kaledoniyanı öz təsir dairəsində saxlamaq istəyir - ŞƏRH
Bakı, 17 may, AZƏRTAC
Fransanın koloniyası olan Yeni Kaledoniyada bir neçə gündür iğtişaşlar davam edir. Fransa dövlətinin kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli niyyəti mövcud vəziyyətin pisləşməsinə səbəb olub. Fransa adada fövqəladə vəziyyət elan edərək əraziyə hərbçilər göndərib. Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numeada və ətraf ərazilərdə vəhşiliklər törədilib. Aksiyalarda 150-yə yaxın insan həbs edilib və üç nəfər qətlə yetirilib. Xatırladım ki, Okeaniyada yerləşən bu kiçik dövlət Fransa qanunları ilə idarə olunur. 2020-ci ilin oktyabrında Yeni Kaledoniyada referendum keçirilib və seçicilər yenidən Fransanın tərkibində qalmağa razılıq veriblər. 2018-ci ildə baş tutan referendum zamanı da xalqın 56,7 faizi Fransanın tərkibində qalmağı seçmişdi. 2020-ci il referendumunda bu faiz azalaraq 53,4 təşkil edib. Numea Sazişinin icazə verdiyi üçüncü və sonuncu referendum 2021-ci ilin dekabrın 12-də keçirilib, lakin səsvermə kanak xalqının böyük hissəsi tərəfindən boykot edildiyindən, əhalinin 96 faizi müstəqilliyə “Yox” deyib və bu da Yeni Kaledoniyanın Fransanın bir hissəsi kimi qalmasına gətirib çıxarıb. Bu ilin mayında isə Yeni Kaledoniya ərazisində təklif olunan seçki islahatı ətrafında müzakirələr zamanı iğtişaşlar baş verib. Referendumlar nəticəsində əldə edilən statistikalardan göründüyü kimi, Fransa bu ada dövləti zor gücü ilə öz təsir dairəsində saxlamaq istəyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Rüstəm Tağızadə söyləyib.
Politoloq bildirib ki, bir sıra siyasi partiyaların daxil olduğu Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) tərəfdarları müstəqil Kanaki dövləti yaratmaq istəyirlər. Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizə apararaq öz hüquqlarını bərpa etməyə çalışır. R.Tağızadə Afrikadakı keçmiş müstəmləkələrində nüfuzunu getdikcə itirən Fransanın Yeni Kaledoniyada və Hind-Sakit Okean bölgəsindəki digər əraziləri də öz tərkibində saxlamaqla regionda təsir dairəsini qorumaq niyyətində olduğunu vurğulayıb. Deyib ki, proseslər bu cür davam edərsə, Fransaya qarşı yeni siyasi hərəkatların da baş verməsi mümkündür.
Fransanın daxili işlər nazirinin Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın iştirakının olması ilə bağlı səsləndirdiyi iddiaya da münasibət bildirən politoloq qeyd edib: “Fransa rəsmisinin dili ilə desək, Azərbaycan guya adada bu ölkənin əleyhinə təbliğat aparır. Rəsmi Bakı isə daxili işlər naziri Jeral Darmanənə cavabında Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla ölkəmizə apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edib. Bildiyimiz kimi, Fransa İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda varlığını qoruyub saxlamaq üçün Azərbaycana qarşı siyasi xətt yürütməyə başlayıb. Qarabağın işğal altında qaldığı müddətdə də Fransa Ermənistanı dəstəkləyirdi. Ancaq bu strategiya İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndi. Məlumdur ki, son illərdə Fransa Avropada aparıcı dövlət olmaq niyyətini açıq-aşkar ortaya qoyub. Fransanın əsas rəqibləri isə Almaniya və Avropa İttifaqının üzvü olmasa da, böyük nüfuza malik Böyük Britaniyadır. Anqlo-Sakson birliyinə qarşı olan Fransanın zaman-zaman ABŞ-la da münasibətləri pozulub. Afrikada müstəmləkəçilik siyasəti yürüdən Fransanın son bir il ərzində bu regionda apardığı mübarizə uğursuzluqlara düçar olub. Bu uğursuzluqlarına görə Fransa Cənubi Qafqaz regionunda fəal rol oynayaraq Ermənistan üzərində siyasi təsir dairəsini daha da genişləndirib. Rəsmi Paris, eyni zamanda, Türkiyə ilə də rəqabət aparır. Fransa, həmçinin Türkiyə-Azərbaycan müttəfiqliyini pozmağa çalışır. Müstəmləkə siyasəti yürüdən Paris hökuməti regionda Ermənistanı da silahlandırır. Bu isə Azərbaycana qarşı təhdidlər yaradır. Verilən silahlar çox dağıdıcı gücə malik olmasa da, istənilən halda, bu məsələ Azərbaycanı narahat etməyə bilməz”.