REGİONLAR
Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb
![Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb](/files/2024/2/1200x630/17163892801353536720_1200x630.jpeg)
Naxçıvan, 22 may, Nail Əsgərov, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının sifarişçi qismində çıxış edib. Ötən ilin may ayından etibarən binada tikinti işləri bərpa olundu. Aparılan inşaat işləri zamanı 2023-cü ilin sentyabr ayında məktəbin bir sıra korpuslarında, digər konstruksiyalarında, kalonlarında müvafiq çatlar, əyilmələr müşahidə edildi. Bununla bağlı dərhal bütün tikinti işləri dayandırıldı.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov söyləyib.
Komitə sədri deyib: “Məlum məsələlərin başvermə səbəblərinin araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət olundu. Bakı şəhərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi qrup məktəb binasına göndərildi və həmin mütəxəssislər tərəfindən binanın bütün korpuslarında instrumental müayinə işləri həyata keçirildi. Aparılan müayinə zamanı müvafiq aktlar, protokollar, rəylər tərtib olundu və alınmış sənədlərə əsasən, həqiqətən də həmin binanın konstruktiv hissələrində müxtəlif zədələrin baş verdiyi aşkarlandı. Beləliklə, Nehrəm qəsəbəsindəki məktəb binasında əvvəlki illərdə tikintinin norma və qaydalara uyğun aparılmadığı müəyyən edildi”.
İlqar Sadıqov bildirib ki, müvafiq tədbirlərin görülməsi məqsədilə komitə tərəfindən aidiyyəti qurumlara müraciətlər olunub, tikinti layihə sənədləri hazırlanıb.
“Məktəb binasının bir hissəsinin sökülməsi və əksər hissələrində bərpa-gücləndirmə məqsədilə ciddi tikinti işlərinin aparılması nəzərdə tutulur. Buna görə də müvafiq səlahiyyətli qurumlara müraciət olunub. Çünki bu məktəb binası dövlət büdcə vəsaiti hesabına tikilib. Beləcə, əlavə vəsaitin ayrılmasına zərurət yaranıb. Buna görə də müvafiq qurumlara müraciət olunub və yaxın zamanlarda bu binada təmir-bərpa, yenidənqurma işləri başlayacaq”, – deyə komitə sədri əlavə edib.