İQTİSADİYYAT
Niderland “Caspian Agro” sərgisində 8 şirkətlə təmsil olunur
![Niderland “Caspian Agro” sərgisində 8 şirkətlə təmsil olunur](/files/2024/2/1200x630/1715946496438285145_1200x630.jpeg)
Bakı, 17 may, AZƏRTAC
“Caspian Agro” sərgisində kənd təsərrüfatı sahəsində təcrübəsini nümayiş etdirən şirkətlərdən biri də Niderlanddır. Niderland bu dəfə sərgidə 8 şirkətlə təmsil olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Niderlanddan olan şirkətlər qrupunu təmsil edən Miçel Bartelink bildirib.
Onun sözlərinə görə, “Hortilux” şirkəti istixanaların ağıllı işıqlandırılmasında dünya liderlərindən biridir. “Koppert” isə kimyəvi pestisidlərə alternativ təqdim etməklə əkin sahələrində zərərvericilərlə mübarizə üçün ilk təbii həll yolunu tapmış şirkətdir.
Şirkətin nümayəndəsi, həmçinin qeyd edib ki, şirkətlər arasında bağçılıq və idman sahələrinin üzlənməsi üçün örtüklər hazırlayan, tərəvəz yetişdirmək və damazlıq məqsədlər üçün diri mal-qaranın tədarükündə ixtisaslaşan şirkətlər də var.
M.Bartelnik vurğulayıb ki, Niderland kənd təsərrüfatı sahəsində təsərrüfat texnikası, məhsul becərilməsi və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olmaqla yanaşı, öz təcrübəsini digər ölkələrlə də bölüşməkdə maraqlıdır: “Bu gün Niderland şirkətləri Avropa, Asiya və Amerikaya müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edir. Sərgidə iştirak etməkdə əsas məqsədimiz Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıqdır”.