CƏMİYYƏT
Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub
Bakı, 22 may, AZƏRTAC
Uzun illərdən sonra Qobustan rayonunun Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsi istifadəyə verilib.
Məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məharət Əkbərov, rayon mərkəzi xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon ictimaiyyəti və tibb işçiləri iştirak ediblər.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin şəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kvadratmetr sahənin əhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir, həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinə otaqları var.
Yeni kənd həkim məntəqəsinin açılışında TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət davamlı mühüm tədbirlər həyata keçirir. O, bu sahəyə ayrı-ayrı şəxslərin dəstəyinin də vacibliyini qeyd edərək şəxsi vəsaiti hesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə minnətdarlığını bildirib.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova bölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yeni tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin kənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.