İQTİSADİYYAT
Rusiya Federal Agentliyinin rəhbəri: Vahid standartların tətbiqi əhəmiyyətlidir
Bakı, 22 may, AZƏRTAC
Dövlətlər arasında iqtisadi əlaqələrin artdığı bir zamanda standartlaşmanın tətbiqi olduqca əhəmiyyətli məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin (Rosstandart) rəhbəri Anton Şalayev deyib.
O bildirib ki, dövlətlər arasında idxal-ixrac əməliyyatlarının həcminin və ticarət dövriyyəsinin artırılması, həmçinin qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də standartlaşma və metrologiya mühüm rol oynayır.
“İstehsalçıların kommersiya məqsədi ilə hazırladıqları məhsullar tikintidə, neft və qaz kəmərlərinin çəkilişində istifadə olunur. Bunların vahid standartların tətbiqi ilə deyil, pərakəndə formada istehsalı sonradan problemlərin meydana çıxmasına səbəb olur. Tikilən binalar, çəkilən yollar və kəmərlər standartlara uyğun və sertifikat almış məhsulların istifadəsi ilə həyata keçirilərsə problemlərdən azad olarıq. Bu baxımdan MDB-nin Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirməsi üzrə İşçi Qrupunun müşavirəsi çox vacibdir. MDB dövlətləri bir-biri ilə daha çox iqtisadi əlaqələrə malik olduqları üçün vahid standartların tətbiqi də əhəmiyyətlidir”, - deyə Anton Şalayev vurğulayıb.