CƏMİYYƏT
Sahil Babayev: Qanuna dəyişikliklər vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlib
Bakı, 22 may, AZƏRTAC
Qanuna dəyişikliklər vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir bildirib ki, bu gün pensiyaçıların 90 faizi sosial sığorta əsaslı pensiya alırlar. Yəni, vətəndaşın 144 aya hesabında toplanan fərdi kapital 2 ilə bölünür və onun məbləği əsasında pensiya təyin olunur.
Sahil Babayev vurğulayıb ki, vətəndaşların 10 faizi güzəştli pensiya alırlar. Bunlara hərbi qulluqçular, dövlət qulluqçuları, hüquq-mühafizə orqanları, prokurorluq orqanlarının işçiləri və hakimlər daxildir. Onların pensiyası sosial sığortaya görə deyil, aldıqları əməkhaqqına görə hesablanır və yeni qanun layihəsi ilə onların pensiyasına əlavələr nəzərdə tutulur.