REGİONLAR
Salyanlı oymaçı: O qədər əl işləri hazırlamışam ki, emalatxanamda yer yoxdur FOTO
Salyan, 30 mart, İlkin Adıyev, AZƏRTAC
Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi ölkəmizdə tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün ölkəmizdə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri Rauf İbrahimovdur.
Salyan şəhər 4 saylı orta məktəbin Təsviri incəsənət müəllimi işləyən oymaçı sənətkar böyük sevgiylə öz sənətini yaşadır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsini bitirən Rauf müəllim, 2000-ci ildən etibarən bədii oyma sənəti ilə mükəmməl əsərlər yaratmağa başlayıb.
İlk dəfə özünü Nizami Gəncəvinin əsərindəki Bəhram Gurun kompozisiyası üzərində sınayan sənətkar, bu işin mükəmməl alınmasına nail olub.
İndi onun emalatxanasını 40-dan çox mükəmməl əsər bəzəyir. Peşəkar əl işləri arasında “Nizami", “Aşıq Ələsgər”, Xocalı faciəsi, “Dəmir yumruq”, “Morj”, “Ov” və başqa kompozisiyalar diqqəti cəlb edir.
Onun Xəlil Rzanın büstü, “Naməlum skripkaçı” və “İspan döyüşü” əsərləri xüsusi ustalıqla ərsəyə gətirdiyi son əl işləridir. Usta bu əsərlərdə daha çox qoz, qızılgöz və göyrüş ağaclarından istifadə edib.
İşi ilə nəfəs alan sənətkar qarşısına çıxan fərqli odun parçası ilə rastlaşdıqda, onda yeni kompazisiya ilə bağlı ideyalar yaranaraq neçə-neçə tullantı ağac kötüklərinə yeni həyat verib, sənət əsərinə çevirib.
Rauf İbrahimov yorulmadan öz peşəsini sevə-sevə şagirdlərinə də öyrədir: “Bu sənət böyük səbr və diqqət tələb etdiyindən şagirdlərin bəziləri yorulur və sənəti yarı yolda buraxırlar. Ancaq bu işin əsl mahiyyətini anlayan bir neçə şagirdimin olması məni sevidirir ki, davamçılarım var. Bu sənət mənim üçün sanki mənəvi qidadır”.
Oymaçıya elə məktəbin emalatxanasında şərait yaradılıb. İlk əl işlərini də məktəbin həyətində bitən göyrüş ağaclarının qurumuş hissələrindən istifadə edərək hazırlayıb.
Bədii oyma ustasının gələcəklə bağlı arzuları çoxdur. İstəyir ki, hazırladığı əl işlərinin satışı geniş təşkil edilsin, əldə etdiyi vəsaitlə şəxsi emalatxanasının tikintisinə nail olsun.
“Yeni əl işlərini hazırlamaq üçün emalatxanamda demək olar ki, yer yoxdur. Bunun da əsas səbəbi satışlarımın olmamasıdır. Əl işlərimin daha sürətli satılması, şəxsi emalatxanamı qurub yaratmaq üçün “ABAD”-la əməkdaşlıq etmək istəyirəm. Çünki “ABAD” dekorativ-tətbiqi sənətdə milli ənənələrimizi qoruyub önə çəkir, həm də mənim kimi sənətkarları qurub-yaratmağa təşviq edir”, - deyə Rauf İbrahimov bildirib.