DÜNYA
ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir
Bakı, 21 may, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının mayın 21-də Astanada keçirilən toplantısında son regional hadisələr müzakirə edilir.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə keçirilən iclasda Avrasiya və Yaxın Şərq regionunda baş verən son hadisələr, o cümlədən İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması, Rusiyanın dövlət başçısı Vladimir Putinin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə apardığı danışıqlar müzakirə olunur.
Gündəlikdə duran digər müzakirə mövzuları ŞƏT-in Regional Antiterror Strukturu (RATS) İcraiyyə Komitəsinin yeni baş katibi və direktoru vəzifəsinə namizədlərin təsdiqi, Əfqanıstandakı vəziyyət, eləcə də bu ilin iyulunda Belarusun təşkilata tamhüquqlu üzv olmasını həll edəcək Astanada keçiriləcək ŞƏT sammitinə hazırlıq məsələləri olacaq.
Qazaxıstanlı ekspert Kayrat Batırbayev bildirib ki, İran Prezidentinin və xarici işlər nazirinin faciəvi ölümü ŞƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin iclasının gündəliyinə düzəlişlər edib. Onun sözlərinə görə, iştirakçılar İran tərəfinə başsağlığı verəcək və müəyyən problemlərin həllinə köməklik göstərəcəklər”.
Xatırladaq ki, İran ötən ilin iyununda ŞƏT-ə tamhüquqlu üzv olub. 2001-ci il iyunun 15-də əsası qoyulan bu təşkilata əvvəlcə altı dövlət - Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiya daxil idi. 2017-ci ilə Hindistan və Pakistan da ŞƏT-ə üzv qəbul edilib. Hazırda isə Belarusun üzvlük prosesi yekunlaşmaq üzrədir.